Читать онлайн полностью бесплатно Vahid Məmmədli - Şəhrizad

Şəhrizad

Milli kimliyi unutdurmağın ən effektiv üsulu mədəni kimliyi dəyişməkdi. Mədəni kimliyi dəyişməyin ən sınanmış yolu dili dəyişməkdən keçir. Çünki hər bir xalq əvvəlcə öz dilinin övladıdır, sonra öz torpağının.

Автор:

Книга издана в 2024 году.

1

Qırmızı faciə Bakıya yaxınlaşmışdı. Bolşeviklər qədim şəhəri işğal etdilər. Qara buludlar Qarabağa doğru irəliləyirdi… Paytaxtdan sonra əyalətlərə üz tutan gözüqanlılar Şoranlını keçmişdilər…

Əmiraslan bəy Haqverdiyev Amanbəylidəki mülkündə idi. Qışı-yazı burda qalır, yayda Şuşadakı mülklərinə köç edirdilər. Tərtər çayının Kürə qovuşduğu, ada adlanan ərazidə yerləşən Amanbəylidən başqa ətraf bölgələrdə də xeyli torpaq sahələri, mülkləri, mal-qarası vardı Əmiraslan bəyin…

Ölkədə quruluş dəyişir, proletar üsul-idarəsi öz diktaturasını qururdu. Bəzi tacirlərdən başqa heç kim yurdunu tərk etmirdi…

Gələn xəbərlər isə qorxunc idi. Qırmızılar müqavimət göstərənləri qılıncdan keçirirdilər…

Əmiraslan bəy təmkinlə hadisələrin gedişatını gözləsə də narahat idi… Altı dəliqanlı oğlu sonbeşiyi, dünyalar gözəli, qızı Şəhrizadı necə qoruyacaqdı…

Bolşeviklər qız-gəlinlə pis rəftar etsələr oğlanlarını saxlaya bilməyəcəkdi.

Gözəlliyi dillərdə əzbər olan Şəhrizadı bir dəfə görən yenidən görmək üçün həyatını verərdi. Əmisi Ziyanın oğlu Talıb ilə nişanlansalar da qardaşları Şəhrizadı göz bəbəyi kimi qoruyurdular.

Günorta üstü Talıb bəy təşrif buyurdu:

– Dədəm deyir ki, onsuz da yaylağa gəlməyin vaxtı çatıb.

Gəlməyinizi istəyir. Şuşa hələ ki, təhlükəsizdir. Həm də ki, bir yerdə sonrakı addımlarımıza qərar verərik.

Əmiraslan bəy kiçik qardaşı Əkbər bəyə göstəriş verdi:

– Sən burda qal. Kəndlilərdən, nökər-qaravaşdan muğayat ol. Onları

başsız qoymayaq. Ara səngisin, biz də qayıdarıq…

Artıq köç hazırlanırdı. Sübh tezdən yola düşəcəkdilər…

Mehtər oğlu İsmayıl ilxının ən gözəl atını Şəhrizada saxlamışdı. Bu atın Qarabağda ən gözəl at olacağını hələ dayça vaxtından hiss etmişdi. O zamandan da özünə söz vermişdi ki, bu at Şəhrizadın olmalıdır…

Bunun da səbəbi vardı… Şəhrizada aşiqdi… Bu sevgisinin nə qədər imkansız olduğunu bilsə də özü ilə bacarmırdı. Qızın Talıb bəyə nişanlı olduğunu bilə-bilə onu xəyalından çıxara bilmirdi…

Sədaqətlə xidmət edib səcdə etdiyi bəyinin qarşısında özünü günahkar bilirdi. Başqasının nişanlısı, öz bəyinin qızı barədə fikirləşməyi belə günah sayırdı.

Bu atı sevgi ilə böyütmüşdü. Əmiraslan bəyin oğlanları bu atı görcək, – Nə gözəl atdır, kimindir? – deyə xəbər aldıqlarında, – bu at Şəhrizadındır, – dedi.

Qardaşlar da Şəhrizadın adı gələndə geri çəkildilər. Ən gözəl nə vardısa Şəhrizadın olmalı idi…

Altı qardaşdan sonra dünyaya gəldiyindən onların təsiri altında gözəl at minir, qorxmazlığı ilə qardaşlarından geri qalmırdı Şəhrizad…

Əmiraslan bəyin ailəsi, nökər-qaravaş hamısı at belində idi. Öndə Əmiraslan bəy və oğlanları, nişanlısı Talıb bəylə birgə Şəhrizadı dövrəyə alıb irəliləyirdilər. Zil qara, ağ qaşqalı Qarabağ atının belində Şəhrizad daha da cazibədar görünürdü.

Xeyli irəlilədiklərindən bir qədər dincəlməyə qərar verdilər. Nökərlər səhənglərdən parçlara su doldurub, bəylərə, qız-gəlinlərə uzadırdılar.

Arxadan at ayaqlarının səsləri gəldi. Hər kəs, səs gələn tərəfə boylandı. Mehtər oğlu İsmayıl göründü. Atını çapıb onlara yaxınlaşdı. Təşviş və təlaşla dedi:

– Bəy bolşeviklər kəndə girdilər. Muzdur Hüseynqulunun oğlu Qüdsi

onların arasındadır. Kənd əhlini divara düzüb sizin hara üz tutduğunuzu soruşdular. Bizimkilərdən cavab verən olmadı. Onda Qüdsi dedi ki, "Ə, məni tanımırsınız? Qüdsiyəm də". – Dədəm Qüdsinin üzünə tüpürüb, "Qüdsisənsə bu şərəfsizləri bura niyə gətirmisən? Dədən sağ olsaydı bağrı çatlardı", – dedi. Onlardan biri atamı güllələdi. Əkbər bəy məni göndərdi ki, sizə xəbər verim.

Əmiraslan bəy, təmkinli görünsə də, atı sanki İsmayılın sözlərindən qeyzlənib şahə qalxdı:

– Bizimlə gəl, Allah atana rəhmət eləsin. Əkbərgil onu torpağa tapşırarlar …

Atını mahmızlayan Əmiraslan bəy işarə etdi ki, yollarına davam

etsinlər. Lakin atların kişnərtisi, ayaq səsləri yaxınlaşırdı…

On-on beş nəfərlik qızıl ordu dəstəsi onları dövrəyə aldı. Bolşeviklər arasında muzdur Hüseynqulunun oğlu Qüdsini görüb tanıyan Əmiraslan bəy dilləndi:

– Nədi, gəlmisən sağ ol deyəsən?

– Bəy vaxtı çatanda sağ ol deməyi də bacarırıq.

– Nədi? Hələ vaxtı çatmayıb?

Bu zaman Qüdsinin yanında dayanmış bolşevik komandir əlini qaldırıb barmağını Şəhrizada tərəf uzatdı və Qüdsiyə sakit səslə, "bu qız kimdir?" – dedi.

Qüdsi qırmızı komandirin sualına cavab verməyə macal tapmamış Talıb bəy tüfəngini çəkib atəş açdı. Qırmızı komandir atından yerə sərildi. Atışma başlandı. Qüdsi göyə atəş açıb hər iki tərəfi sakitləşdirmək istəsə də, güllələr səngimirdi. Ağacların arxasından Əmiraslan bəyin səsi gəldi:

– Talıb Şəhrizadı da götür, gedin Şuşaya, – dedi və kiçik oğlu Məmmədrəsula səsləndi ki, – arvad-uşağı, nökər-qaravaşı Kürün qırağına apar. Biz bunları durdurarıq…

…Atışma səsləri getdikcə azalırdı. Ağacın arxasında gizlənən Qüdsi Əmiraslan bəyi səslədi:

– Bəy, bir mən qalmışam. Bax, silahı atıb çıxıram.

Əmiraslan bəy oğlanlarına səsləndi:

– Güllə atmayın. Görək hələ bu nə deyir.

Oğlanlarından səs çıxmayan Əmiraslan bəy adbaad oğlanlarını

çağırdı: – Abbasqulu, Allahyar, İmamyar, Ramazan, Hüseyn…

Amma oğlanlarından səs gəlmədiyini görən Əmiraslan bəy yaşıl otlu təpənin arxasına doğru addımladı.



Другие книги автора Vahid Məmmədli
Ваши рекомендации