Keçən ilin payızından anasında dəyişiklik hiss etməyə başlamışdı. Amma bu barədə nə anasından, nə də atasındn soruşmağa cürət etmişdi. Sanki bunun naməhrəm mövzu olduğunu bilirdi. Amma onlara tez-tez gələn ata nənəsi Gülnisə demişdi ki, inşallah yazda hacıleylək ona dünya gözəli bir bacı gətirəcək…
Hacıleylək hər il yazın ortalarında evlərinin qarşısındak çinarın budaqları arasında iri yuva qurardı. Həmin hacıleyləyin özünün də çox gözəl balaları olardı. Amma indi nənəsi deyəndə ki, hacıleylək ona bacı gətirəcək, sevincindən az qalmışdı ki, həmin leyləklər kimi pərvazlanıb havaya qalxsın.Onun ən çox sevdiyi fənn riyaziyyat idi. Riyaziyyatdan dərs deyən Samvel müəllim onlara toplama, çıxma, vurma və bölmə əməllərini öyrətmişdi.
Gülnisə nənəsi deyəndə ki, yazda hacıleylək ona bacı gətirəcək o da tez beynində hesablama aparmışdı: "Demək, mən, anam, atam – üç nəfərik, hacıleylək də mənə bir bacı gətirəcək. Üstəgəlsək, olur dörd. Hə, nə gözəl, biz dörd nəfər olacağıq".
Atası həmişə deyərdi ki, yaxşı ailə bölünməz bir yumruğa bənzəyir:
4:1=4
"Ay can-ay can… Demək, heç nə bizi ayıra bilməz!".
Sonra qərara gəlmişdi ki, iki nənəsini və babasını da toplasın:
4+3=7
Nə gözəldi? Gör nə qədər oldular.
Heç kim, heç nə onları ayıra bilməz. Hesab dərsi gözəldir, riyaziyyat çox maraqlıdır…
***
İndi Şuşa türməsinin solğun divarlarına baxa-baxa uşaq ağlı ilə fikirləşirdi ki, riyaziyyatı yaxşı mənimsəməyibmiş. Samvel müəllim bəlkə də qəsdən ona bu elmin sirlərini daha dərindən öyrətməyib. Bax bir də hesablayaq: Biz üç nəfər idik, üstəgəl bacı, üstəgəl iki nənələr, üstəgəl baba:
3+1+2+1=7
Samvel və onun dəstəsi əvvəlcə atasını, sonra anasını və hələ doğulmamış bacısını öldürdülər, ondan sonra da kənddə olan hər kəsi nənələri Gülnisə və Mədinəni, babası Qılıncxanı yandırdılar. Demək, neçə oldu:
7-1-1-1-3=1
Və… o, tək qaldı.
Onun üç ən əzizi vardı. Üçü də öldü:
3-3=0
İndi heç kimi yoxdur.
Şipşirin nənələri və mehriban babası vardı:
3-3=0
İndi heç biri yoxdur.
Atası deyərdi ki, ailə bir yumruqdur. Heç kim bata bilməz onlara. Sən demə, atası səhv edirmiş. Demək, o yumruq yox imiş:
4:0=0
Bir anlıq duruxdu. Axı deyəsən, dərsdə keçmişdilər ki, sıfıra bölmək olmaz. Axı sıfır heç nədir, heç nəyə necə bölmək olar? Amma onları böldülər axı, elə öldülər ki, heç nə qalmadı! Təkcə o qalıb… Onda belə yazmaq lazımdır:
4:4=1
İndi bu həbsxanada ona əziz olan bir şey vardısa o da bu divardakı rəqəmlər idi. Hələ uşaqlıqdan bəri sevdiyi rəqəmlər. Samvel müəlliminin öyrətdiyi rəqəmlər. Ah! Samvel müəllim…
Axı niyə belə etdin, müəllim. O qədər çoxlu rəqəm yazırdın yazı taxtasına, hətta o biri dərsə zəng vurulana qədər heç kimi qoymazdım silsin o rəqəmləri yazı taxtasından. Amma sən özün sildin onları. Yandırdın evimizi, atamın meyitini, kəndimizə vurduğun odla yandırdın o rəqəmləri də birdəfəlik. Yox, mən bir daha o rəqəmləri öyrənməyəcəyəm. Bir daha riyaziyyat adlı dərsə getməyəcəyəm. Heç vaxt toplama, çıxma, vurma, bölmə aparmayacağam.
– Heç vaxt! – qəflətən bağırdı.
Bir il idi ki, burda, Şuşa türməsində idi. Özü də tək-tənha. Tək qaldıqca da məhv olurdu.
Əllərini göyə açdı:
– Allahım, – deyə pıçıldadı, – dünyada tək olan yalnız Sənsən. Məni tək qoyma!
***
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cənubi Qafqaz üzrə nümayəndəsi Admirale Ankora İrəvanın "Zvartnots" hava limanında təyyarədən enər-enməz cəmiyyətin yerli nümayəndəsinə təcili Xankəndinə getməli olduğunu bəyan etdi. Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsi başlayandan bəri İrəvana bir neçə dəfə səfər etmiş Admiraleni yerli nümayəndə bu qədər narahat və qayğılı görməmişdi.
– Xanım Ankora, məncə, cəbhə bölgəsinə sabah sübh tezdən yollanmaq daha yaxşı olar. Həm yol gəlmisiniz, bir qədər dincələrsiniz, – sözünün ardını gətirməyərək yaxınlıqda dayanmış "Mersedes"in arxa qapısını açdı. – Buyurun, əyləşin. – Özü də əyləşib üzünü sürücüyə tutdu: – Aşot, mehmanxanaya sür.
Onun bu hərəkəti Admiraleni lap hövsələdən çıxartdı:
– Cənab Miqranyan, Şuşa həbsxanasında on yaşlı azərbaycanlı oğlan ölüm ayağındadır. Mən əsirlərlə aparılan işə cavabdehlik daşıyıram. Biz münaqişəyə neytral münasibət bəsləsək də, mən öz vəzifə borcumu yerinə yetirməliyəm.
– Narahat olmayın, xanım Ankora. Düzdür, oğlanın bir ayağı və üç qabırğası sınmışdı, amma o, tam həkim nəzarətindədir. Əminəm ki, səhərə kimi də sağ-salamat qalacaq. Bir də ki, Stepanakertə biz yalnız sabah səhər helikopterlə gedə bilərik. Bu günə başqa heç bir reys yoxdur, – deyə hiyləgərcəsinə gülümsəyib, bayaqkı fikrini tamamladı.
Hirsini boğan Admirale razılaşmaqdan başqa çarəsi qalmadığını görüb başını buladı.
***
Şuşa həbsxanasına atıldığı gündən cəmi iki dəfə onun yanına həkim gəlmişdi. Birinci dəfə sınmış ayağına gips qoyanda, qabırğasını sarıyanda, ikinci dəfə isə Beynəlxaq Qırmızı Xaç Komitəsinin baş ofisindən olan nümayəndə ilə birlikdə gələn həkim gipsi götürəndə.
Onu tez-tez gözdən uzaq kameraların birində gizlədirdilər. Artıq anlamışdı ki, onu beynəlxalq təşkilatların nümayəndələri gələndə gizlədirlər. Uşağın məsum çöhrəsi həbsxana divarlarının soyuq üzü kimi saralıb-solmuşdu. Heç kəs bu yaşda uşağın əsir olmasını, həbsxanada saxlanılmasını qəbul etməzdi. O ki qala Avropanın və Amerikanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri ola.