Читать онлайн полностью бесплатно Vahid Məmmədli - Leyli və Məcnun

Leyli və Məcnun

Vahid Məmmədli özünün "Leyli və Məcnun" romanı ilə modern yeniliklərə tabe olan dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır.

Автор:

Книга издана в 2024 году.


Hər şey çox gözəldi, ta ki vəzir Valid ibn Tarifinin Şəmsi saraya gətirdiyi günə kimi…

…Bərdənin ən gözəl vaxtları, yaz çağıydı. Hökmdar bihuşedici ətirləri ətrafa yayılan rəngarəng qızılgülləri, tərtəmiz mavi səmanı pəncərədən seyr edir, bülbüllərin cəh-cəhini dinləyirdi. Cənnəti bu dünyada qazandığından əmin olan ibn Məhan: “Mən güclüyəm… Mən hakimi-mütləqəm… Bu cənnət bağındakı güllərdən daha gözəl olan hurilər hər gün Allahın mənə yeni mükafatıdır…” – deyə Tanrının seçilmiş bəndəsi olduğu üçün kim bilir neçənci dəfə qürrələnirdi. Gəncliyini eyş-işrətdən başqa bir şeyə sərf etməyi fürsəti fövtə vermək ağılsızlığı hesab edirdi. Tək istəyi bu cənnət bağında elə bu minvalla da ömür sürməkdi. “Onsuz da Arrandan Şirvana kimi təbəələrim quzu kimi sakit, itaətkardır. Hər şey necə də gözəl vaqe olur, ilahi!… Valid ibn Tarifi kimi bir vəzirimin olması da taleyin lütfüdür, xalqı ovcunun içində sıxıb saxlayır. Vəzirim güclüdür, öz hökmdarını düşünür, taxt-tacımı qoruyur…” – ibn Məhan arabir qurtumladığı şərabdan daha çox öz düşüncələrindən məst olurdu.

Üzünü yana çevirəndə qarşısında at belində bir huri-mələk canlandı, gözlərinə inanmadı. İndiyə kimi əlindən yüzlərlə kəniz keçirmiş ibn Məhan gördüyü bu gözəlliyi xəyal belə edə bilməzdi. Beyni dumanlı olduğundan gözlərini yumub yenidən açdı. Yox, bu, xəyal deyildi! At aramla addımladıqca üstündəki məxluqun hər əzası sanki ayrı-ayrılıqda hərəkət edir, qızın bədəninin hər tərəfi ona fərqli cənnət meyvələrini xatırladırdı. İbn Məhan şəhvətindən az qalırdı, elə indicə irəli atılıb qızı atın belindən güllərin üstünə endirib…

Özünü ələ ala bilməyəcəyini görüb, qulluğundakı Xacə Məluma bağırdı. Xacə bir göz qırpımında onun qarşısına keçib təzim elədi:

– Buyurun, hökmdar!

İbn Məhan ötüb-keçən atlıya başı ilə işarə edib soruşdu:

– Mən xəyalmı görürdüm?

Xacə Məlum gözünü hökmdarın ayaqları altındakı Şirvan xalısından çəkmədən dilləndi:

– Xeyr, hökmdar, xəyal görmürdünüz. At belindəki Valid ibn Tarifinin yeni kənizidir, – deyə çətinliklə udqundu. Vəzirin yeni kənizinin gözəlliyi Xacə Məluma xədimliyini unutdurmuşdu.

– Vəziri çağırın! – hökmdar qəzəblə əmr elədi.

Ömrü boyu həyəcanlanmamışdı. Yeniyetməliyində dağların arasındakı kəndlərindən at belində enib, çay boyunca ələ keçirdiyi qoyun-quzunu qabağına qatar, yenidən dağlara çəkilərdi. Bir tükü də tərpənməz, üzünün ifadəsi dəyişməz qalardı. Bir adam bilməzdi ki, bu anda vəzir nə düşünür. Bu, Tarifinin ən böyük silahı idi, vəzirliyə də bunun sayəsində gəlib çatmışdı.

İbn Məhanın sarayına tərəf gedəndə sifəti heç bir şey ifadə etməsə də, içində bic-bic güldü: “Şəms sənindir, hökmdar! – Sonra bir ah çəkdi. Bu ahı da kimsə duya bilməzdi. – Məni ağılsızmı sanırsan, hökmdar? Al, bu huri sənin olsun, bir neçə ay ağlını başından alsın. Mən də öz hurim Müsəffa ilə kef edəcəm. Onu görsən, boynumu həmin an vurdurarsan. Şəms səni belə dəli edibsə, Müsəffanı görsən, neylərsən? Vermərəm!…” Saraya girənə qədər yol boyu öz-özü ilə danışdı. Hökmdara təzim edib, əbasının ətəyindən dönə-dönə öpdü.

– Hökmdar, bizimkilər bu gün bir kəniz göndəriblər. Uzaq qohumumdur. Xacə Məluma tapşırdım ki, axşama hazırlasınlar. Uyğun görərsinizsə, məmnun olaram. Şəms sizə layiqdir…

İbn Məhan qımışdı: “Sizinkilərin cinsi bir başqadır. Sanki onları doğmurlar, yaradırlar…”

O gecə ibn Məhan cənnətin ən son qatına çatdığına inandı. Uzun illərdən sonra ilk dəfə idi özünü bu qədər arzuolunan hiss edirdi. Gündəlik vərdişə çevrilən xəlvətlərdən usanmış ibn Məhan üçün Şəms onu birdən-birə on səkkiz yaşına qaytaran dirilik suyu idi. Hökmdar gecə demədən, gündüz demədən, iş-gücünü boşlayıb günlərini Şəmsin qoynunda keçirir, bu gözəl kənizin yanında zaman anlayışını itirir, taxt-tac gözünə görünmür, dünya bu bircə yataq otağına dolurdu. Kənizinin həm titrək-məsum, həm əmin-ehtiraslı davranışları hər gün yenidən ağlını başından alırdı. Əsl Şəms bunların hansıdır, anlaya bilmir, anlamağa da çalışmırdı. Qarşısında quzu kimi əsən, həmişə əmrinə müntəzir dayanan cariyələrdən usanmış hökmdar özünü məmnuniyyətlə Şəmsin ixtiyarına vermişdi.

Qüdrət sahibi hökmdar uzun dəqiqələr, saatlar boyunca özünü könüllü əsirlikdə hiss edir, bu əsarətdən qurtulmaq istəmir, yanlış olduğunu bildiyi halda, işi-gücü vəzir-vəkilin ixtiyarına buraxıb günlərini Validin bəxşişi olan kənizlə keçirməyə davam edirdi. Hər səhər müəzzinin səsi sübhün alaqaranlığında Tanrı hüzuruna çağırış edəndə günah hissi Şəmsin incə barmaqları kürəyini cızdığı kimi ürəyini cızsa da, bu təlaş cəmi bir neçə dəqiqə sürür, dəvəti duymazdan gəlib qızın qollarında özünü ölməzlik iksiri içmiş kimi qüdrətli hiss edirdi. Şəms sanki qadın yox, bu günə kimi görmədiyi, qadın cinsindən olan nəsə başqa bir məxluq idi. İbn Məhan qızın cənnətdən məxsusi onun üçün göndərilmiş huri olduğuna əmindi…


***

Bu il dəvələr qısırdı. Payızda baş vermiş zəlzələ təkcə adamları qorxuya bürüməmişdi. Bərdədən Şamaxıya qədər düzlərdə hər yay analarının yanında min bir oyun çıxaran, ora-bura qaçışıb körpə uşaqlar kimi oynaşan köşəklər gözə dəymirdi. Aclıq bütün Arranı, Şirvanı sarmışdı. Xəzinə boşaldığından ibn Məhan baş vəzirini xalqdan vergi toplamağa göndərdi. Yol boyu son dəvəsini verməkdən imtina edənlərin boynunu vurdurur, xalqı talan edirdilər. Valid ibn Tarifi ən böyük vergini Şamaxı dağlarındakı tərəkəmələrdən toplayacağını düşünürdü.



Другие книги автора Vahid Məmmədli
Ваши рекомендации