Əgər şair qələm alsa əlinə,
Demək, gəlib sazın, sözün vədəsi.
Nəğmə qoşub bir gözəlin telinə,
Bülbül kimi ötəsidir, ötəsi…
Mənim bağım nə solar, nə talanar!
Sarmaşıqlar sarı – sarı sallanar,
Yar nazlanar, gül bağını dolanar,
Mən olaram doqqazında bitəsi.
Yer böyükdü, hər tərəfdə varam mən,
Atəşəm mən, alovam mən, nuram mən;
Gərək burda elə dəsgah quram mən,
Baxıb yana Amerika qitəsi…
Çağır Vahid, dostlarını danışdır,
Şux misralar taleyinə naxışdır…
Söz bitdimi, qopub gələn alqışdır
Mükafatın ən azmanı, yekəsi…