Daha bir kitabla qarşınızdayam, əziz oxucularım. Sizin qarşınızda imtahan vermək asan deyil.
Qəlbinizdə şerə, sözə dərin maraq olduğunu, həm də mahir söz sərrafı olduğunuzu bilə – bilə yenə özümü oda atmışam.
Bilmirəm, yazdığım bu cızma – qaralar könlünüzü oxşaya biləcəyəmmi?
Amma bu kitabdan tək bircə şer, tək bircə bənd, tək bircə misra, tək bircə söz də xatirinizdə qalsa, özümü xoşbəxt hesab edərəm.
Əziz oxucularım, bu kitabı oxumağa sərf etdiyiniz, qəlbimdən süzülən hər bir kəlməyə qulaq verdiyiniz üçün Sizə minnətdaram.
Hələ uşaqlığımdan sazının, sözünün vurğunu olduğum atam aşıq Valehə, qayğısı, sevgisi ilə məni bəsləyib böyüdən anam Pərizada, mənim təhsil almağım üçün 6 – sinifdən məktəbi buraxıb işləməyə gedən qardaşım Zülfüqara, bir əlçim tifilliyindən çörəyimizi – yeməyimizi bişirən, paltarımızı yuyan bacım Qəndaba, atam – anam haqq dünyasına qovuşandan sonra bizə atalıq edən İdris dayıya, analıq edən Hürizad, Səriyyə xalalarıma minnətdaram.
Çəmənli adlı bir kəndə olan sevgisini, suyunu, havasını, Günəşini, torpağını mənimlə bölüşən, ağsaqqalından cocuğuna qədər canım qədər sevdiyim həmkəndlilərimə minnətdaram.
Gəncliyini, həyatının ən gözəl zamanlarını sərf edərək mənə həyat dərsi verə-verə elm öyrədən sevimli müəllimlərim – Qara müəllim, Bayram müəllim, Kamil müəllim, Şəmsəddin müəllim, Fərzəliyev Allahverən müəllim, Paşayev Allahverən müəllim, Məmməd müəllim, Xosrov müəllim, Səlbi müəllimə, Sabir müəllim, Musa müəllim, Quliyev Musa müəllim, Zülfüqar müəllim, rus dilinə dərin maraq oyadan İsmayıl müəllim – Sizə minnətdaram.
Mənə göstərdikləri səmimi münasibətə görə, hal – hazırda Taleh Nuruyevin rəhbərliyi ilə Ziyəddin İsgəndərov adına Çəmənli kənd orta məktəbində çalışan müəllim kollektivinə öz minnətdarlığımı bildirirəm.
İçimdə şerə, sənətə maraq oyadan sevimli müəllimim, Çəmənlimin gözəl şairi Şahmar Əkbərzadəyə minnətdaram.
Mənə mənəvi dəstək olan sevimli sinif yoldaşlarım Nizami Bayramova, Rəfiqə Rüstəmovaya, Allahverən Əliyevə, Çingiz Baxşəliyevə, Akif Abışova, Rafiq Piriyevə, Şahin Günəşliyə, Kamal Alışova… minnətdaram.
Ömrümün son 20 ilinin sadiq dostu, mənim «Nə ömürdü yaşadım» şerlər kitabımın ərəsəyə gəlməsində maddi, mənəvi dəstək olan Mahir Hacıyev – Sənə minnətdaram. O kitab olmasaydı, bu kitab da olmazdı.
Mənə böyük dəstək olan qürbətdə yaşayan dostlarım Adil Danilova, Camal Abdullayevə dərin minnətdarlığımı bildirirəm.
İncə zövqlü dostum Mayıl Adilov, mənim cızmaqaralarıma dəyər verdiyiniz üçün Sizə minnətdaram.
Hörmətli Doktor Müşfiq Mirzəyev, bir yazar kimi mənə dəyər verdiyiniz üçün Sizə minnətdaram.
Adını sevə – sevə andığım, atamın dostu, uşaqlığımdan bu günə qədər dərin bir məhəbbətlə sevdiyim Məhəmmədəli əminin övladları Cəfər bəy, Aydın bəy, bu gün həmin sevgini izafisi ilə mənə bəxş etdiyiniz üçün Sizə minnətdaram.
Müasir Azərbaycan Ədəbiyyatının azman nasiri, şairi, filosofu Firuz Mustafa müəllim, mənə göstərdiyiniz etimad üçün Sizə minnətdaram.
Bu kitabın ərəsəyə gəlməsində böyük əməyi olan dostum şair Vidadi Ağdamlıya minnətdaram.
Dostum, ellim, şair Zaur Ustac, zəhmət çəkib ön söz yazdınız. Bilirəm ki, bu asan olmadı. Ön söz kitabın simvoludur, onun vizit kartıdır. Zəhmətinizə görə Sizə minnətdaram.
Yazar insanın ailə üzvü olmaq çox çətindir. Əziz həyat yoldaşım Təranə, oğlanlarım Valeh, Aydın sizə həsr eləməli olduğum vaxtımı yazmağa həsr etdim. Sizə olan sevgimi şer dediyim cızmaqaralarımla bölüşdüm. Məni əfv edin.