Читать онлайн полностью бесплатно Sədaqət Kərimova - Özgə ağrısı

Özgə ağrısı

Tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın imzası oxuculara yaxşı tanışdır. Əsərlərini Azərbaycan və ləzgi dillərində qələmə alan müəllifin bir sıra əsərləri rus və türk dillərinə də tərcümə olunaraq nəşr edilib.

Книга издана в 2021 году.

Redaktordan


Onu ilk dəfə görəndə məktəbli idim. Canımdan çox sevdiyim bibim Səyyarə Rəsulova Kəlbəcər Rayon Partiya Komitəsinin katibi işləyirdi. Bir dəfə işdən evə dönəndə özü ilə gələn gözəl, təravətli, şux xanımı mənə təqdim edərək dedi: «Sədaqət xanım istedadlı jurnalistdir, həm də çox mərddir. Sənin də belə bir jurnalist olmağını istərdim».

Bu sözlər mənim gələcək həyatıma çıraq tutdu. Onun kimi jurnalist olacağıma ürəyimdə söz verdim. Ali təhsil aldım və ilk işlədiyim zavod qəzetinə də haqqımda onun verdiyi müsbət rəy əsasında qəbul olundum.

Sədaqət xanım təkcə istedadlı jurnalist deyil, həm də gözəl insan, qibtə ediləcək sədaqətli dostdur. Bu sözlərimin şahidi zamandır. İllər keçsə də onun bu xüsusiyyətləri daha da gözəlləşir, mükəmməlləşir.

Sədaqət xanımın mənəvi dünyasını 1993-cü ildə tanıdım. Yenicə nəşr olunmuş «Hal» kitabını bağışlamışdı mənə. Evdə iş otağıma çəkilib kitabı oxumağa necə aludə olmuşdumsa, özümdən xəbərim yox idi. Sərvinaz obrazı ətrafında cərəyan edən hadisələr, onun üzləşdiyi haqsızlıqlar, ailə faciəsi mənə elə təsir etmiş, qadının acı taleyinə ürəyim elə yanmışdı ki, ağlayaraq boğulmağımın səsinə qayınanam özünü çatdırmış, vəziyyətimin pis olduğunu görüb həkim çağırmışdı…

Ailəsinə sədaqətli, namuslu, qeyrətli, lakin haqqını müdafiə edə bilməyən bir qadın obrazını bu qədər həssaslıqla yaratması Sədaqət xanımı mənə zəngin mənəvi dünyası olan bir yazıçı kimi tanıtdı, sevdirdi. O, bir sıra əsərlərində qadınların müdafiəçisi rolunu oynayır, bu müdafiə ədalətə, haqqa söykənir. İşıqlandırdığı ailə-məişət problemlərini elə həll edir ki, oxuyanda «belə də olmalıdır», – deyə düşünürsən.

Bu kitabda toplanmış bütün hekayələrdə, həmçinin povest və pyesdə S.Kərimova obrazların dili ilə cəmiyyətimizdəki ədalətsizlikləri, insan mənəviyyatındakı aşınmaları oxuculara çatdırmaqla yanaşı, onlarda «niyə?» sualının yaranmasına imkan vermir, özünəməxsus ustalıqla hər şeyi həll edir. Anlatmağa çalışır ki, Vətən, Ata, Ana əvəzolunmazdır, Ailə cəmiyyətin tənzimləyicisidir.

Bitib-tükənməyən yaradıcılıq axtarışları və qazandığı uğurlarla Sədaqət xanım özünün «Soyuq günəş» əsərində göstərdiyi kimi bikə olduğunu sübut edir. Onun qələmə aldığı bikələr öz dövrlərində qəhrəmanlıq edib tanınmışlarsa, mənim tanıdığım bikə öz qələmi ilə bu qəhrəmanlığa yüksəlib. Onun müxtəlif ədəbi janrlarda eyni ustalıqla əsərlər yaratmaq istedadına heyranam. S.Kərimova jurnalist, şair, yazıçı, bəstəkar, ssenarist, rejissor peşələrinə ustalıqla yiyələnib.

Kitabın adı təsadüfən seçilməyib. S.Kərimovanın qəhrəmanları özgə ağrılarını özününkü kimi yaşayan zəngin mənəvi aləmi olan insanlardır. Yazıçı həyatda olduğu kimi yaradıcılığında da yüksək mənəvi dəyərlərə söykənir. Məhz bu keyfiyyətlər «Özgə ağrısı»nda toplanmış əsərlərin bədii dəyərini artırır, onları oxuculara sevdirir. Bir sözlə, Sədaqət xanım qibtə ediləcək enerji mənbəyidir, əsl vətənpərvərdir, xəmiri söz sənətindən yoğrulan dağ çiçəyidir.

Bir şagirdin gözəl müəllimi haqqında danışması necə çətindirsə, mənə də Sədaqət xanımın saymaqla bitməyən keyfiyyətləri haqqında söz demək eləcə çətindir. Amma bir şey şəksizdir – o, mənim üçün mayakdır, özündən sonra gələn nəsil üçün isə gözəl örnək.


Nuridə QILINCLI

GECİKMİŞ BƏNÖVŞƏ


Səhər tezdən üfüqdə ilk qızartı görünəndə adəti üzrə yuxudan oyandı. Otağın pəncərələrindən içəri işıq zolağı düşmüşdü. Bədəni ağrıdan sızıldayır, başında, qollarında, ayaqlarında zoqqultu gəzirdi. Köksünü anlaşılmaz, küt bir ağrı göynədirdi. Divardakı saata baxdı: beşin yarısı idi. Deməli, vur-tut bircə saat yatmışdı. Səhərəcən yerində qurcalanıb gah bu, gah o biri böyrü üstə çevrilsə də, iki həb yuxu dərmanı atsa da, uyuya bilməmişdi.

Zorla geyinib asta addımlarla həyətə çıxdı. Tər-təmiz sübh havası üzünə toxunanda sanki yuxudan ayıldı, kürəyini divara söykəyib bir an tərpənməz halda qaldı. Özünə gəlib acgözlüklə, ciyərdolusu nəfəs aldı, sanki bu kiçik səadətin onun əlindən alınacağından qorxurdu. Bir xeyli beləcə dayandı, sonra ayaqlarını sürüyə-sürüyə əlüzyuyana yaxınlaşıb suyu açdı. Buz kimi soyuq su canına üşütmə saldı. Yenidən evə keçib dəsmalla qurulandı. Yorulmuşdu. Taqətsiz halda stula çöküb nəfəsini dərdi. Başı gicəllənir, gözləri tor görürdü. «Qurban olduğum Allah gör məni nə günə salıb», – deyə ürəyində şikayətləndi.

Saatın əqrəbləri 5-in üstündə dayananda tələsik addımlarla evdən çıxıb kəndin yuxarı başına tərəf səmt aldı. Bacardıqca tez yeriyirdi ki, kimsəyə rast gəlməsin. Sorğu-sual, hal-əhval başlanacaqdı, buna isə davam gətirməyə taqəti yox idi.

Məhəllənin başındakı sonuncu ev də arxada qalanda arxayınlıqla nəfəs alıb, addımlarını bir qədər yavaşıtdı. Son üç ay ərzində ilk dəfə idi ki, bu qədər yolu birdən qət edirdi. Yorulub əldən düşmüşdü, amma dincəlmək fikri yox idi. Qorxurdu ki, birdən otursa, daha yerindən qalxa bilməz. Ona görə də özünü məcbur edirdi ki, mənzil başına çatanacan davam gətirə bilsin. Nəhayət, istədiyi yerə – Yargundan rayon mərkəzinə tərəf gedən maşın yolundan xeyli aralıdakı böyük təpəyə çatanda sevinclə «İlahi, şükür sənə!» – deyib iri bir daşın üstündə oturdu. Buradan kənd ovuc içi kimi görünürdü. Aşağıda Samur çayının ilan kimi qıvrılmasına, hikkəsindən daşlara çırpılaraq köpüklənib gurultu sala-sala axmasına tamaşa etmək onu əyləndirdi. Həyətlərdə vurnuxan adamlar bapbalaca görünürdülər. Mal-qara böyürtüsü, xoruz banı, it hürüşü kəndi başına götürmüşdü. Üç yol ayrıcında kimsə dayanıb naxırın yığılmağını gözləyirdi. Diqqət kəsildi, Şahmuradı tanıdı. «Bu gün onun növbəsidir», – deyə həsədlə fikirləşdi. Vaxtilə növbəsi çatanda o da beləcə camaatın mal-qarasını örüşə aparardı. Hanı o günlər, hanı o sağlamlığı?..



Другие книги автора Sədaqət Kərimova
Ваши рекомендации